İlk 60 gündə qulluq təlimatı

Tətbiq bizim işimizdir, nəticə isə birgə işimiz. Bu qrafikə əməl etsəniz, sahə mütləq tutacaq.

Püskürtmə çimin uğuru üç şeydən asılıdır: düzgün qarışıq, düzgün tətbiq və düzgün suvarma. İlk ikisi bizim məsuliyyətimizdir. Üçüncüsü isə — sahə sizə təhvil veriləndən sonra başlayır.

1–3-cü günlər: heç nəyə toxunmayın

Örtük hələ bərkiyir. Sahəyə girməyin, üstündən keçməyin. Suvarma yüngül duman rejimində, gündə 2–3 dəfə, hər dəfə 5–10 dəqiqə. Məqsəd səthi islatmaqdır, torpağı doydurmaq yox.

1–3-cü həftələr: ən kritik dövr

Bu, bütün prosesin ən həssas mərhələsidir. Səth heç vaxt tam qurumamalıdır. İsti havada gündə 3 dəfə, sərin havada 2 dəfə qısa suvarma edin. Səhər tezdən və günortadan sonra ən uyğun vaxtlardır.

  • Yalnız incə səpələyici və ya duman başlığı istifadə edin — güclü şırnaq örtüyü yuyur.
  • Su gölməçələnirsə, müddəti azaldın, tezliyi saxlayın.
  • Sahəyə piyada, uşaq və heyvan girişini məhdudlaşdırın.
  • 7–10-cu günlərdə ilk yaşıl ucları görəcəksiniz — bu normadır, seyrək görünməsi narahatlıq səbəbi deyil.
Ən çox rast gəldiyimiz problem tək bir səbəbdən yaranır: 2-ci həftədə "artıq çıxıb" deyib suvarmanı seyrəkləşdirmək. Kök hələ dayaz olduğu üçün bir günlük quruma böyük itki deməkdir.

4–5-ci həftələr: rejimi dəyişin

Çim 5–8 sm-ə çatanda suvarmanın tezliyini azaldıb müddətini artırın: gündə 3 dəfə qısa əvəzinə, gündə 1 dəfə uzun. Bu, kökü dərinə getməyə məcbur edir və gələcəkdə quraqlığa davamlılıq yaradır.

İlk biçin: 8–10 sm hündürlükdə

Çim 8–10 sm-ə çatanda ilk biçini edin. Qaydalar sadədir:

  • Biçindən bir gün əvvəl suvarmayın — səth quru və möhkəm olmalıdır.
  • Bir dəfədə hündürlüyün 1/3-dən çoxunu kəsməyin (10 sm-dən 6–7 sm-ə).
  • Bıçaqlar iti olmalıdır — küt bıçaq gənc çimi qopara bilər.
  • İlk 2–3 biçində ot qırıntılarını sahədən yığın.

30–45-ci günlər: ilk gübrələmə

İlk biçindən sonra azot üstünlüklü qazon gübrəsi verilir. Gübrəni quru çimə səpməyin — səpdikdən sonra mütləq suvarın, əks halda yarpaq yanığı riski var.

Alaq otları haqqında

İlk aylarda tək-tük alaq görünməsi normaldır — toxum torpaqda onsuz da var idi. Onları əllə çıxarmaq kifayətdir. Herbisid yalnız çim tam formalaşandan sonra (2–3 ay) və seçici tərkiblə istifadə oluna bilər. Sıx çim bir müddət sonra alağı özü sıxışdırır.

60-cı gündən sonra

Bu mərhələdən sonra sahə adi qazon rejiminə keçir: həftədə 1–2 biçin, mövsümə uyğun suvarma və ildə 2–3 dəfə gübrələmə. İlk 60 gündə göstərdiyiniz diqqət növbəti illərin nəticəsini müəyyən edir.

Bütün suallar